en az

Qız Qalası | Aydan Salahova

Aydan Salahova “Qız Qalası” Azərbaycan Milli İncəsənət Muzeyi 30 oktyabr 2026 – 30 yanvar 2027 30 oktyabr 2026-cı il tarixində saat 18:00-da Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış rəssam Aydan Salahovanın “Qız Qalası” adlı fərdi layihəsinin açılış mərasimi keçiriləcək. Layihə Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ Duy” mədəniyyət festivalı çərçivəsində təqdim olunacaq. Aydan Salahovanın yaradıcılığında heykəltaraşlıq və rəngkarlıq əsas sənət sahələri kimi önə çıxır. “Qız Qalası” layihəsində bu iki sənət növünün məkanla əlaqələndirilməsi sərginin konseptual bütövlüyünü formalaşdırır. Əsərlər və ekspozisiya məkanı birlikdə tamaşaçıya tanış mədəni obrazı fərqli emosional və vizual müstəvidə qavramaq imkanı verir. Rəssam layihədə Azərbaycan mədəniyyətinin əsas simvollarından birinə yalnız memarlıq abidəsi kimi deyil, həm də çoxsaylı əfsanə və rəvayətlərlə bağlı obraz kimi çıxış edən Qız Qalasına müraciət edir. Bakının şəhər landşaftında daim mövcud olan bu abidə ətrafında formalaşan hekayələr nəsildən-nəslə ötürülərək zaman keçdikcə kollektiv yaddaşın və şəhər haqqında təsəvvürlərin ayrılmaz hissəsinə çevrilib. Qız Qalası haqqında əfsanənin faciəvi sonluğunun əvvəlcədən müəyyənləşdirilməsi rəssamın layihəsi üçün başlanğıc nöqtəsini təşkil edir. Aydan Salahova məşhur süjetə fərqli prizmadan yanaşaraq sual ortaya qoyur: bu hekayə mütləq şəkildə bizə məlum olduğu kimi yekunlaşmalıdırmı? Rəssam məkan, heykəltaraşlıq və rəngkarlıq vasitəsilə əfsanənin özünəməxsus fərdi şərhini təqdim edir. Layihədə Qız Qalası yalnız tarixi və memarlıq irsi nümunəsi kimi deyil, həm də hadisələrin fərqli cərəyan edə biləcəyi bədii məkana çevrilir. Bu yanaşma əfsanənin qəhrəmanının taleyinə də başqa prizmadan baxmağa imkan yaradır. Ekspozisiyada keçmişdən miras qalan hekayə ilə bu günün baxışı arasında əlaqə qurulur. Rəssamın təqdim etdiyi bədii interpretasiya tamaşaçını yalnız tanış əfsanənin alternativ sonluğu haqqında düşünməyə deyil, həm də yaddaşımızda qorunan hekayələrə münasibətimizi yenidən nəzərdən keçirməyə sövq edir. “Qız Qalası” layihəsi Azərbaycan mədəniyyətinin yaddaşında xüsusi yer tutan bir obrazın müasir sənət kontekstində yenidən düşünülməsini təqdim edir. Layihə tarix, mif, yaddaş və müasirlik arasındakı əlaqəyə diqqət yönəldərək, bizə miras qalan hekayələrin dəyişməz olmadığını, zaman keçdikcə yeni baxışlar və mənalar qazana biləcəyini göstərir. Sərgi 30 yanvar 2027-ci ilədək ziyarətçilər üçün açıq olacaq.
30.10.2026
10:00:00 - 19:00:00
31.10.2026
10:00:00 - 19:00:00
01.11.2026
10:00:00 - 19:00:00
Azərbaycan Milli İncəsənət Muzeyi