en az

Xalçalar Diyarı

Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar Diyarı” sərgisi Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy, (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Milli Xalça Muzeyində “Xalçalar Diyarı” sərgisi keçiriləcək. “Xalçalar Diyarı” sərgisi Azərbaycan Milli Xalça Muzeyinin banisi, görkəmli alim, Xalq rəssamı Lətif Kərimovun irsini, multidisiplinar rəssam Mədinənin yaradıcılığını, xalça mütəxəssisi Yaşar Malfouzinin əsərlərini bir araya gətirərəcək. Ekspozisiyada Lətif Kərimovun 120 illik yubileyi münasibətilə onun müəllifi olduğu iki eskiz əsasında ilk dəfə toxunmuş relyefli ipək xalçalar nümayiş etdiriləcək. Sənətkarın zəngin irsinə müasir baxış Xalça Muzeyi və HUG.art platformasının birgə təşkilatçılığı ilə keçirilən rəqəmsal sənət müsabiqəsinin qaliblərinin əsərləri ilə davam etdiriləcək. Sərginin diqqətçəkən nümunələri sırasında müasir rəssam Mədinənin “Yaz”, “Bakıda Küçə”, “Payız” və “Natürmort” əsərləri əsasında toxunmuş yeni xalçalar yer alacaq. Rəsm əsərlərinin xalça dilinə çevrildiyi bu nümunələrdə rəng, xətt və forma toxuculuğun imkanları ilə yeni bədii ifadə qazanır. Ekspozisiyada həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan Bakının XIX əsrə aid “Quşlu” xalçası əsasında hazırlanmış relyefli xalça, eyni zamanda, Yaşar Malfouzinin müəllifi olduğu iki relyefli xalça nümayiş etdiriləcək. Sərginin konseptual əsasını belə bir fikir təşkil edir: ənənə yalnız qorunmaqla deyil, şərh və transformasiya olunmaqla, irsi biliklərin fərdi yaradıcılıq təcrübəsi ilə qarşılıqlı əlaqəsi sayəsində yaşayır.
30.10.2026
11:00:00 - 18:00:00
31.10.2026
11:00:00 - 19:00:00
01.11.2026
11:00:00 - 19:00:00
Azərbaycan Milli Xalça Muzeyi